Məktəbəqədər yaşda uşağınız varmı ? O sizə kimisə sevdiyini və ya evlənmək istədiyini deyibmi? Məktəbəqədər dövrdə qarşı cinslərin bir – birinə maraq göstərmələri təbiidir. Ancaq bu proses nə qədər təbii olsa da, valideynin mövqeyindən asılı olaraq, müəyyən bir müddətdən sonra keçib gedə ya da təhlükəli həddə çata bilər.
Bəs bu yaşdakı uşaqların qarşı cinsə maraq göstərmələrinin səbəbi nədir ? 5 yaşına qədər uşaqlarda “ qız – oğlan ” məfhumları sözdən başqa bir şey deyil. Uşaq bu sözləri bilsə də, tam mənası ilə dərk edə bilmir. 5 yaşından başlayaraq, uşaqlar cins məhfumunu anlamağa başlayırlar. Məsələn, özlərinin oğlan, qarşı tərəfdəkilərin isə qız olduğunu başa düşürlər. Hətta zaman keçdikcə iki cins arasındakı fərqləri də görə bilirlər. Qarşı cinslər arasındakı “ sevgi ” də məhz bu dövrdə başlayır. Ancaq bu sevgi təqliddən başqa bir şey deyil. Uşağın buradakı şüuraltı məqsədi öz cinsini kəşf etməkdir. Digər tərəfdən, qarşı cins tərəfindən bəyənilmək də uşaqda özünəinamın formalaşmasına səbəb olan bir amildir. Valideynlər belə bir vəziyyətlə qarşılaşdıqda uşaqlarını ciddi qəbul etməli, ancaq lazımsız suallar verməməlidirlər. Bundan başqa, tez-tez uşağa “ sevdiyi ” yoldaşını xatırladıb bu “ hissləri ” dərinləşdirmək də doğru deyil. Digər tərəfdən, belə vəziyyətlərdə uşağa “ sən hələ balacasan ”, “ belə şeylər danışmaq ayıbdır ” demək də təhlükəlidir. Hər bir yaşda sevgi gözəldir. Sevginin dəyərini də kiçik yaşlardan bilməsi onun gələcəkdə mənəvi saflıq cəhətdən yetişən bir insan kimi böyüməsinə səbəb olacaq.
Psixoloq Teymurova Esmira
Комментарии
Отправить комментарий